"Oyunun taleyinə təsir edən faktorların olmasına baxmayaraq, sona qədər mübarizə apardıq".
Prosport.Az xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XII turunda "Sumqayıt"la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis həvəsdən düşmədiklərini söyləyib: "Buna görə komandama təşəkkür edirəm. Lənkəranda ilk qələbəni qazanmaq üçün çalışdıq. Azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm".
Qeyd edək ki, Lənkəran Olimpiya Kompleksində baş tutan B qrupunun "Lənkəran" - "Sumqayıt" qarşılaşması qonaqların 93:90 hesablı qələbəsi ilə yekunlaşıb.
