"Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladı".
Prosport.Az xəbər verir ki, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı Azərbaycan Basketbol Liqasının IX turunun oyunundan sonra deyib.
İspaniyalı mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib: "İlk olaraq təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı vermək istəyirəm. Çox böyük faciədir. Ölənlərə ulu Tanrıdan rəhmət, yaralılara şəfa diləyirəm. Bir də belə faciəli hadisələr yaşanmasın. Oyuna gəlincə, bu gün yaxşı iş gördük, qalib gəldik. Hərçənd ki, görüşə yaxşı başlamamışdıq. Müdafiədə yaxşı çıxış edə bilmədik. Ancaq 2-ci hissədən başlayaraq daha yaxşı oynadıq. Oyunçularım həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışladı. Hesabda fərq yaratdılar. Komandamın üzvlərini yaxşı oyun və qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, "Ordu" – "Lənkəran" qarşılaşması birincilərin 99:51 hesablı qələbəsi ilə yekunlaşıb.
