NTD komandasının basketbolçusu Daniel Mudi klubun mətbuat xidmətinə açıqlama verib:
Prosport.Az xəbər verir ki, amerikalı oyunçu mövsümün ilk 3 turundakı çıxışlarını dəyərləndirib:
"Düşünürəm ki, liqanın ilk 3 oyununda 3 qələbə qazanmalı idik. İki oyunda özümüz özümüzə məğlub olduq. Əslində, 3:0 olmalı idi. Müdafiədəki səhvlərimiz və qeyri-dəqiq atışlarımız məğlubiyyətlərə səbəb oldu. Məşqlərimiz davam edir. Bir müddətdir ki, hazırlaşırıq, buna görə qarşıdakı oyunlarda kobud səhvlər olmamalıdır. Əgər meydançada öz gücümüzü göstərə bilsək, qələbələr qazanacağıq".
NTD-yə keçidindən də söz açan basketbolçu bunu özü üçün fürsət adlandırıb: "Ona görə də bu klubu seçdim. Bu mövsüm üçün əsas məqsədlərimiz pley-off-a çıxmaq və çempionluq titulunu qazanmaqdır. Komanda olaraq bunları etsək, şəxsi məqsədlərim də reallaşacaq. Azərbaycan Basketbol Liqasında "4+1" limiti var. Ümumilikdə vəziyyət kifayət qədər yaxşıdır və düşünürəm ki, liqa hər il daha da inkişaf edəcək”.

