Lerik şəhər stadionu 2025-ci ildə tikiləcək.
Bunu Prosport.Az saytına II Liqada mübarizə aparan "Lerik" klubunun prezidenti Famil Məmmədov bildirib.
Onun sözlərinə görə, "Gənclik" adlandırılan Lerik stadionuna "Azəridmanservis" MMC-dən gələrək baxış keçirilib: "Lerik şəhər stadionuna bu ilin iyulunda tikinti qrupu gələrək monitorinq keçirib. Açığı, orada olmadığımdan, tikintisinin neçəyə başa gələcəyi ilə bağlı məlumatım yoxdur. Sadəcə, müəyyən məsələlərə görə stadionun tikintisi 2025-ci ilə planlaşdırılıb. "Gənclik" stadionu Gənclər və İdman Nazirliyinin balansındadır. Tikinti qrupu da nazirlik tərəfindən göndərilib, quruma tabe olan "Azəridmanservis"in əməkdaşları olub. Stadionun inşası zamanı ərazisinin genişləndirilməsi və meydançanın standartlara uyğun salınması nəzərdə tutulub".
Məsələ ilə bağlı "Azəridmanservis"dən də fikir dərc etməyə hazırıq.
Qeyd edək ki, "Lerik" klubu stadionu standartlara cavab vermədiyindən, məşq və ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində keçirir.