"Hazırda Yessentukidəyəm, istirahət edirəm. Ayın 15-i Azərbaycana qayıdacağam".
Bunu Prosport.Az-a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.
"Şamaxı" ilə mübarizədən sonra Premyer Liqada qalmağı bacaran "Səbail"də növbəti həftənin əvvəli köklü dəyişikliklərin ola biləcəyi iclasın keçiriləcəyi bildirilir. Şahin Diniyev isə Rusiyada dincəldiyini, özünə aid iclasın artıq baş tutduğunu bildirib. Təcrübəli mütəxəssis 3 mərhələli plan tərtib etdiyini qeyd edib:
"Səbail"lə bağlı mətbuatda gedən xəbərlərin bəziləri yanlışdır. İyunun 1 və ya 2-də əsas komandanın qurulması ilə bağlı iclasımız oldu. Orda gedən və gələnlərlə bağlı klub rəhbərliyi qarşısında çıxışım oldu.
Mənim üçün 3 plan vardı. Öncə komandadan gedənləri müəyyənləşdirmək və onlarla etik formada ayrılmaq lazım idi. 2-ci mərhələdə məqsədimiz yerli futbolçularla güclənmək, 3-cü mərhələdə bizə lazım olan mövqelərə legioner oyunçular cəlb etmək idi. İlk mərhələni hardasa 90% yerinə yetirmişik. 2-ci mərhələyə də başlamışıq. 3-cü mərhələyə isə ayın 15-dən sonra başlayacağıq.
Ancaq klubun idarəetməsi ilə bağlı iclasa mənim qatışacağım yoxdur. Bunun üçün klubun Müşahidə Şurası, İdarə Heyəti var. Ümumiyyətlə, həmin iclasdan xəbərim yoxdur. Ola bilsin ki, mənsiz keçiriləcək".
Səbuhi Musa

