Aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Burada ölkə futbolunun gələcəyi baxımından yeni AFFA prezidenti və bu qurumun İcraiyyə Komitəsinə üzvlər seçiləcək.
Artıq namizədlər 3 gün əvvəl rəsmi şəkildə açıqlanıb. Bəs yeni üzvlərdən kim kimi əvəzləyəcək? Prosport.Az bunu araşdırıb.
Əvvəla onu bildirək ki, indiki AFFA prezidenti Rövnəq Abdullayevin yerinə namizəd olan Rövşən Nəcəfin namizədliyi məhz "Neftçi" tərəfindən verilib. Çünki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti olan R.Nəcəf hazırda "Neftçi"nin Müşahidə Şurasının da sədridir.
"Neftçi"nin Müşahidə Şurasının üzvü olduğundan, klub həm də Səməd Qurbanovu AFFA İcraiyyə Komitəsinə namizəd kimi göstərib. Belə olduğundan, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun namizədliyi bu dəfə "Neftçi" yox, Nadir Nəbiyevin rəhbəri olduğu Qərb Regional Futbol Federasiyası tərəfindən irəli sürülüb. Xatırladaq ki, əvvəl bu qurum adından üzv İsgəndər Cavadov idi. Bir sözlə, S.Qurbanov E.Nəsirovu, E.Nəsirov isə İsgəndər Cavadovu əvəzləyib.
Əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, "Sumqayıt" klubu bu dəfə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovu yox, Bakı Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərovu namizəd kimi göstərib. Bu şəxsin gələcək "Neftçi"nin Müşahidə Şurasının sədri olacağı gözlənildiyindən, burada da təzad görünür. Belə aydın olur ki, "Neftçi"yə de-fakto rəhbərlik edəcək şəxs İcraiyyə Komitəsində "Sumqayıt" tərəfindən təmsil olunacaq. Ümumiyyətlə, bu şəxsin "Sumqayıt" tərəfindən namizəd göstərilməsi də gülüncdür. Görünür, Sumqayıtda yerləşən "SOCAR karbamid" zavodunun 4,5 il direktoru olması bu amilə təsir edib.
"Qarabağ" FK tərəfindən namizədliyi irəli sürülmüş komandanın baş məşqçisi Qurban Qurbanov bu postda heç kimi əvəzləməyəcək. Çünki daha əvvəl "Qarabağ" tərəfindən namizəd İcraiyyə Komitəsində olmayıb.
Bu söz "Sabah" tərəfindən namizəd kimi təqdim olunmuş klub prezidenti Maqsud Adıgözəlova da aiddir. Artıq "Səbail" (vitse-prezident Rauf Əliyev) və "Keşlə"/"Şamaxı" (həmin klubun sabiq rəhbəri Zaur Axundov) burada təmsil olunmayacaq. Göründüyü kimi, yeni rəhbərlikdə indiki AFFA rəhbərliyinin maliyyələşdirdiyi 2 klubu "Qarabağ" və "Sabah" əvəzləyib.
Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən ayrılmış 5 yer üçün mövqeyini dəyişməyən yalnız yunan-Roma güləşi üzrə olimpiya çempionumuz Fərid Mansurovdur. Onu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovun əvəzləməsi gözlənilsə də, bu seçkidə də PFL-in namizədi olacaq.
İTV-nin direktoru və Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov (səhvən mətbuatda onun "Sabah"ın da Müşahidə Şurasının üzvü olduğu yazılır – red.) isə AFFA-nın icraçı vitse-prezidenti və sabiq baş katibi Elxan Məmmədovu əvəzləyəcək. Çünki Balaş kimi tanınan bu şəxsin namizədliyi Sumqayıt futbolunun tanınmış simalarından olan Abdulla Məmmədovun prezidenti olduğu Şimal Regional Futbol Federasiyası tərəfindən irəli sürülüb.
AFFA-nın indiki baş katibi Sərxan Hacıyev futbol veteranı Kazbek Tuayevi əvəzləyəcək. Onun namizədliyi İsgəndər Cavadovun prezidenti olduğu Regional Futbol Federasiyası tərəfindən təqdim olunub. Daha bir paradoks ondan ibarətdir ki, İsgəndər Cavadovun özünün namizədliyi verilməyib.
AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, demək olar ki, iclaslarda hər hansısa bir vacib qərarlarda söz sahibi olmayan Könül Mehtiyeva da Fərid Mansurov kimi dəyişməz qalıb. O yenə İctimai Futbol Təşkilatları İctimai Birliyinin namizədidir.
"Olimpik" və ya AZAL klublarının sabiq rəhbəri, Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin üzvü Zaur Axundov isə sabiq xarici işlər naziri Elmar Məmmədyarovu əvəzləyib. Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyinin namizədi məhz "Silk Way"in rəhbəridir.
Bəstəkar Eldar Mansurovun oğlu, 2020-ci ilin avqustunda iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru təyin olunan Ülvi Mansurovun (onun da səhvən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədr müavini olduğu qeyd olunur, daha orada işləmir – red.) namizədliyi Azərbaycan Futzal Federasiyası tərəfindən verilib. Bu isə o deməkdir ki, o bu postda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovu əvəzləyəcək.
AFFA açıqlamayanadək adı bilinməyən, Mister X kimi təqdim olunan, ancaq Miss çıxan Leyla Xəlilova-Rzazadə Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin müdiri səlahiyyətlərini icra edir və Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən namizəd kimi irəli sürülüb. Maraqlıdır ki, o həmin postda məhz həmin federasiyanın prezidenti, elm və təhsil nazirinin müavini Firudin Qurbanovun yerinə seçilməyə namizəddir.
Onu da bildirək ki, Maqsud Adıgözəlovun gəlişi ilə klub prezidentlərinin İcraiyyə Komitəsində yer alması tendensiyası yenidən bərpa olunub (Zaur Axundov bu komitədə "Keşlə"nin prezidentindən çox, Futzal Federasiyasının rəhbəri kimi təmsil olunub – red.). Daha əvvəl "Bakı"nın prezidenti Hafiz Məmmədov, "İnter" klubunun de-yure, "Simurq" klubunun de-fakto rəhbəri Cahangir Hacıyev də İcraiyyə Komitəsində yer alıb.
Səbuhi Musa