Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın braziliyalı futbolçusu Juninyunu izləmək üçün Almaniyaya gedəcək.
Prosport.Az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer” – “Qarabağ” görüşünə tribunadan baxacaq.
O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin 2 futbolçusu – Borxa İqlesias və Timoti Fosu-Mensanın son durumu ilə də maraqlanacaq. Samet Aybaba 1 gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq “Borusiya” (Dortmund, Almaniya) – PSV (Niderland) qarşılaşmasını izləyəcək.
Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

