Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, son oyunda çempion “Qarabağ” meydançaya çıxıb.
Ağdam təmsilçisi qış fasiləsindən sonra uğursuz nəticələrlə yadda qalan “Zirə”ni qəbul edib. Qarşılaşmada hesabı 43-cü dəqiqədə meydan sahibləri açıb. “Qarabağ”ın hücumçusu Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. 77-ci dəqiqədə bu dəfə braziliyalı Rişard Almeyda penaltini dəqiq yerinə yetirib.
2 dəqiqə sonra qonaqlar ümidlənib. “Zirə”nin paraqvaylı yeni transferi Sesar Mesa Kolli adını tabloya yazdırıb. Lakin qəsəbə təmsilçisinin ümidinin üstündən cəmi 2 dəqiqə sonra fransalı Adama Diakabi xətt çəkib.
Beləliklə, 3:1 hesablı qələbə qazanan “Qarabağ” çempionluğa bir addım da yaxınlaşıb. Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisi “Sumqayıt”ı 24 xal qabaqlayır.
Turun əvvəlki oyunlarında “Sumqayıt” “Səbail”i səfərdə (1:0), “Sabah” “Qəbələ”ni (2:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı (2:0) evdə məğlub edib, “Kəpəz”lə “Neftçi” qollu bərabərə (3:3) qalıb.
Qeyd edək ki, Premyer Liqada XXVII turun matçları 15-17 mart aralığında keçiriləcək.

