Azərbaycanın daha bir boksçusu İtaliyanın Busto Arsitsyo şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində mərhələ adlayıb.
Prosport.Az xəbər verir ki, 71 kq çəkidə lisenziya uğrunda mübarizə aparan Sərxan Əliyev 1/32 final mərhələsi çərçivəsində döyüşünü qələbə ilə başa vurub.
Dünya çempionatının mükafatçısı Zin Əl-Abidin Amruqu (Mərakeş) məğlub edib. Əliyev qələbəsini 2 raundun yekununa əsasən rəsmiləşdirib. Buna rəqibin qaşından zədə alması səbəb olub. Döyüş dayandırıldığından Sərxan 3:2 (20:18, 19:19*, 19*:19, 20:18, 18:20) hesabı ilə qalib gəlib.
Boksçumuz 1/16 finalda litvalı Aleksandr Trofimçyukla üz-üzə gələcək. Görüş sabah baş tutacaq.
Xatırladaq ki, Sərxan Əliyevədək Nicat Hüseynov (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (63,5 kq) və Zeynəb Rəhimova (54 kq) da mərhələ adlayıb.
Qeyd edək ki, lisenziya turnirinə martın 11-də yekun vurulacaq.
