Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda Vl turda Şkoder şəhərində “Vlazniya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 2:0 hesablı qələbə qazanıb.
Oyuna start heyətdə başlayan İsgəndərli 43-cü dəqiqədə qol vurmağa yaxın olub. Onun zərbəsini rəqib qapıçı zərərsizləşdirib. Vüsal bu istəyini 49-cu dəqiqədə reallaşdırıb. Görüşdə ilk qolu vuran futbolçumuz bunu əvvəlcə Kriştianu Ronaldu kimi, daha sonra əsgər salamı ilə qeyd edib. O, 85-ci dəqiqədə müdafiəçi Bledar Lila ilə əvəzlənib.
“Eqnatiya” hazırda 13 xalla 1-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Vüsal İsgəndərli II turda "Kukesi" ilə görüşdə də (4:0) qol vurmuşdu. Bu mövsüm Vüsalın aktivində 2 qol və 1 qol ötürməsi var.

