Azərbaycan şahmatçıları Nicat Abasov və Gövhər Beydullayeva Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıblar.
Prosport.Az xəbər verir ki, kişilərin yarışında Abasov sonuncu - 14-cü turda Qırğızıstan təmsilçisi Eldiyar Orozbayevlə heç-heçə edib. Xalını 9-a çatdıran qrossmeysterimiz 1-ci pillədəki mövqeyini qoruyaraq çempion olub.
Qadınların mübarizəsində Beydullayeva yekun turda qazaxıstanlı Zarina Nurgaliyeva ilə xalları bölüşüb. Turniri 10 xalla tamamlayan şahmatçımız da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempionluğu əldə ediblər.
Qızıl medallarla yanaşı, şahmatçılarımız pul mükafatına da sahib olublar. Nicat Abasov 7 milyon tenge (təxminən 25,9 min manat), Gövhər Beydullayeva isə 4 milyon tenge (təxminən 14,8 min manat) qazanıb.
Qeyd edək ki, hər iki yarış 8 şahmatçının iştirakı ilə 2 dövrəli sistem üzrə 14 turdan ibarət olub.
