İmişli və Xankəndinin futzal komandaları ölkə çempionatında iştirak edəcək.
Prosport.Az-ın xəbərinə görə, Futzal Federasiyası ləğv edilərək Futzal Departamenti yaradılandan ilk dəfə keçiriləcək çempionatda 10 komanda mübarizə aparacaq.
Bunlar son ölkə çempionu "Araz-Naxçıvan" (sabiq Futzal Federasiyasının prezidenti Zaur Axundovun klubu), gümüş medalçı "Neftçi" İK, bürünc medalçı "Baku Fayr", eləcə də "Şuşa", "Marafon", "Yasamal", "Rəvan", "AtiDel" PFK, "Xankəndi" və "İmişli"dir.
Bunlardan "Marafon" futbol üzrə II Liqada mübarizə aparan Sabirabadın "Marafon" klubuna məxsusdur. Mərkəz Regional Futbol Federasiyasının prezidenti Vüsal Xəlilova aid olan klub daha əvvəl də futzal çempionatında mübarizə aparıb.
"Rəvan" daha əvvəllər PFL prezidenti Elxan Səmədovun da çıxış etdiyi komandadır. İndi PFL adı Yüksək Liqada "Rəvan" adına dəyişdirilib.
"AtiDel" PFK Ordubadı təmsil edir. "Şəfa"nın sabiq prezidenti Sərdar Salmanzadəyə məxsusdur. Klubun Ordubadı təmsil etməsi onun həyat yoldaşının doğulduğu yerə, adın mənası isə övladlarının adına (Atilla və Delya) görədir.
"Xankəndi" futbol üzrə I Liqada mübarizə aparan komanda ilə eyni adı daşısa da, həmin kluba bağlılığı yoxdur.
"İmişli" isə ilk futbol klubudur ki, həm də futzal çempionatında mübarizə aparacaq. Belə ki, bu komanda birbaşa Kamran Eyyubovun rəhbəri olduğu, Premyer Liqada çıxış edən "İmişli"yə məxsusdur.
AFFA futzal klublarının inkişafı üçün hər ay komandaların bank hesablarına 5 min manat pul ayıracaq.
Qeyd edək ki, çempionata noyabrın 21-də start veriləcək. Püşk isə bu gün saat 11:00-da "Radisson Hotel Baku"da atılacaq.
