"Polesye"nin köməkçi məşqçisi Sergey Kravçenko Millətlər Liqasının Şimali İrlandiya – Ukrayna oyununu dəyərləndirərkən “Qarabağ”ın futbolçusu Aleksey Kaşşukun çıxışını təhlil edib.
Prosport.Az xəbər verir ki, 26 yaşlı futbolçunun meydanın hansı hissəsində daha faydalı olduğunu şərh edən Kravçenko Jitomir təmsilçisinin yay transfer planları ilə bağlı da maraqlı açıqlama verib.
O, “Polesye”nin yay fasiləsində Kaşşuku heyətinə qatmağa çalışdığını etiraf edib. Kravçenkonun sözlərinə görə, Kaşşuk əsl cinah oyunçusudur. Onun əsas üstünlükləri cinahda təkbətək mübarizələrdə rəqiblərini keçmək və sürətidir: “Biz Alekseyi “Polesye”də görmək istəyirdik. Onun səviyyəsinə yaxşı bələdik. O, təkbətək mübarizələrdə çox yaxşıdır, sürəti də yüksəkdir. Bizə belə futbolçular lazımdır. Yayda onu komandamıza dəvət etmək istədik, amma müəyyən səbəblərdən transfer baş tutmadı”.
Qeyd edək ki, Aleksey Kaşşukun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.
