“Qarabağ” klubunun ümumilikdə 15 futbolçusu noyabr ayında milli komandaların oyunlarında iştirak etmək üçün dəvət alıb.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin 7 legioneri müxtəlif ölkələrin əsas yığmalarının düşərgəsinə yollanıb. Bunlar Marko Yankoviç (Monteneqro), Bense Varkonyi (Macarıstan), Martin Zlomisliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka), Bruno Lanqa (Mozambik), Reda Kadra (Livan) və karyerasında ilk dəfə Ukraynanın əsas millisinə çağırılan Aleksey Kaşşukdur.
Klubun azərbaycanlı oyunçularından Bədəvi Hüseynov, Musa Qurbanlı və Şahrudin Məhəmmədəliyev əsas yığmamıza dəvət olunublar. Gənc futbolçulardan Teymur Həsənov U-21, Hikmət Cəbrayılzadə, Əli Bəşirov, Rəşad Alışov və Uğur Qurbanlı isə U-20 millisinin şərəfini qoruyacaq.
Xatırladaq ki, Azərbaycan millisi noyabrda 2 qarşılaşma keçirəcək. Yığmamız UEFA Millətlər Liqasında noyabrın 11-də səfərdə Lixtenşteynlə, noyabrın 16-da isə yoldaşlıq matçında Andorra ilə üz-üzə gələcək.
