Qurban Qurbanov ondan gözlənilən sərt qərarı verib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi 2 legioneri əsas komandadan uzaqlaşdırıb.
Bunlar Marko Yankoviçlə Mateus Silvadır. Səbəb Premyer Liqanın X turunda yaşanan hadisədir. Belə ki, monteneqrolu yarımmüdafiəçi ilə braziliyalı müdafiəçi "Qəbələ" ilə görüşün (0:0) 1-ci hissəsində mübahisə edib. Cütlük arasında söz davasının qarşısını komanda yoldaşları alıb. Qurbanov isə onları fasilədə əvəzləyib.
Təcrübəli mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bu olay barədə danışaraq, "100 faiz cəzalanacaqlar" demişdi. Və o, sözünü tutub.
Xoşagəlməz hadisənin iştirakçılarının hər biri 20 min dollar cərimələnib.
Qurbanov Qəbələ səfərinin nəticəsinə və orada yaşanan hadisəyə həsr olunan iclasda sərt üzünü göstərib.
Hər iki legioneri möhkəm danlayıb, analoji hal təkrarlanacağı təqdirdə, transferə çıxarılacaqlarını bildirib.
Çalışdırıcı xatırladıb ki, onun üçün əsas nizam-intizamdır və kodeksə əməl etməyənləri heç vaxt bağışlamayacaq.
