FIFA Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında futbolun inkişafına yönəlmiş yeni oyun qaydalarını sınaqdan keçirib.
Prosport.Az xarici mətbuata istinadən xəbər verir ki, məqsəd gənc futbolçuların topla daha çox təmasda olmasına və qərarvermə bacarıqlarının inkişafına şərait yaratmaq olub.
Turnirdə tətbiq edilən əsas yeniliklər aşağıdakılar olub:
– Yeni ofsayd qaydası: Ofsayd yalnız qapı xəttindən 14 metr məsafədə çəkilmiş xüsusi xəttin arxasında qeydə alınıb.
– Ayaqla aut: Top yan xəttdən əllə deyil, ayaqla oyuna daxil edilib.
– Limitsiz əvəzetmə: Komandalar istənilən sayda oyunçu dəyişikliyi edə bilib.
– 8×8 formatı: Komandalar meydanda 8 futbolçu ilə mübarizə aparıb.
– Qısa oyunlar: Qarşılaşmalar hər biri 20 dəqiqə olmaqla 2 hissədən ibarət olub.
FIFA-nın Qlobal Futbol İnkişafı üzrə direktoru Arsen Venger bununla bağlı fikirlərini bildirib. Bakıdakı dünya çempionatını izləyən Venger layihənin əsas məqsədinin gənc futbolçuların inkişafına kömək etmək olduğunu söyləyib. Onun fikrincə, qısa oyun formatı komandaların daha çox rəqiblə qarşılaşmasına da imkan yaradıb.
Bildirilib ki, FIFA bununla futbol qaydalarında mümkün dəyişiklikləri sınaqdan keçirib. Uğurlu hesab edilən qaydaların gələcəkdə ilk növbədə aşağı yaş qrupları üzrə milli komandaların oyunlarında tətbiqi nəzərdən keçirilə bilər.
Qeyd edək ki, finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya U-15 dünya çempionatının qalibi olub.
