“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşşuk ilk dəfə ölkəsinin əsas milli komandasına dəvət alıb.
Prosport.Az Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı vinger baş məşqçi Andrea Maldere tərəfindən UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları üçün açıqlanan 25 nəfərlik əsas heyətə daxil edilib.
Kaşşuk daha əvvəl Ukraynanın U-17, U-19, U-20, U-21 və U-23 millilərində çıxış edib. O, 2019-cu ildə U-20 komandası ilə dünya çempionu olub və turnirin bütün 7 oyununda meydana çıxıb. 2023-cü ildə isə U-21 yığması ilə Avropa çempionatının yarımfinalına yüksəlib. Futbolçu Xorvatiya ilə 2:0 hesabı ilə başa çatan görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Kaşşuk sonuncu dəfə 2024-cü ilin martında Ukraynanın olimpiya yığmasının heyətində Yaponiya ilə yoldaşlıq oyununda (0:2) meydana çıxıb. O, hələlik əsas milli komandada debüt etməyib. Noyabrda keçiriləcək görüşlərdə futbolçuya bu fürsət yarana bilər.
Kaşşuk bu mövsüm “Qarabağ”ın heyətində məhsuldar çıxışı ilə diqqət çəkir. O, Azərbaycan Premyer Liqasında keçirdiyi 9 oyunda 4 qol vuraraq komandanın çempionatda ən yaxşı bombardiri olub. Futbolçunun bütün turnirlərdəki göstəricisi isə 5 qol və 1 məhsuldar ötürmədir.
Ukrayna millisi noyabrın 14-də səfərdə Şimali İrlandiya, ayın 17-də isə Gürcüstanla qarşılaşacaq.
