Ukraynanın “Bukovina” futbol komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov zədəsini sağaldaraq məşqlərə qayıtmağa hazırlaşır.
Prosport.Az xəbər verir ki, zədə səbəbindən komandasının son 3 qarşılaşmasını buraxan futbolçu bu gün “Bukovina”nın düşərgəsinə qoşulacaq.
Dadaşov zədəni Azərbaycan millisinin düşərgəsində alıb və bərpa prosesini Bakıda keçib. Bununla belə, hücumçunun yaxın günlərdə optimal fiziki formasını bərpa etməsi gözlənilmir. Bu səbəbdən onun Ukrayna Premyer Liqasının XII turunda “Kolos”la keçiriləcək görüşdə iştirakı sual altındadır.
Qeyd edək ki, “Bukovina” - “Kolos” oyunu noyabrın 8-də Kamenets-Podolsk şəhərində keçiriləcək.
