"Fikrimcə, FIFA U-15 dünya çempionatı çox vacib turnirdir. Mən həmişə belə yarışları alqışlayıram. Çünki gənc futbolçular məhz bu turnirlərdə inkişaf etməyə, qarşıda onları hansı gələcəyin gözlədiyini anlamağa başlayırlar. FIFA hər il gənc futbolçulara daha çox diqqət yetirdiyini nümayiş etdirir".
Prosport.Az xəbər verir ki, bu sözləri Bolqarıstan millisinin və “Barselona”nın əfsanəvi futbolçusu Xristo Stoiçkov Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı FIFA-nın rəsmi saytına açıqlamasında deyib.
O qeyd edib ki, Bolqarıstanın mühüm turnirdə iştirakı xüsusi əhəmiyyət daşıyır: “Hazırda Avropanın ən güclü klublarında çıxış edən bolqar futbolçuların sayı çox deyil. İtaliya, Almaniya və İngiltərədə oynayan bəzi futbolçularımız var, lakin onların sayı daha çox olmalıdır. Bu turnir gənclərin inkişafı üçün yaxşı fürsətdir”.
“İnanıram ki, Azərbaycanda keçiriləcək dünya çempionatı həm oyunçulara, həm də bütün dünyaya FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”, - deyə veteran futbolçu bildirib.
Qeyd edək ki, FIFA U-15 dünya çempionatı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində təşkil olunacaq.
