“Sabah”ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının III turunda Dortmund “Borussiya”sına qarşı keçirilən oyunu dəyərləndirib.
Prosport.Az xəbər verir ki, polşalı müdafiəçi “Kanal Sportowy”yə açıqlamasında 1:2 hesablı məğlubiyyətə üzüldüklərini bildirib.
Puxaç Bakı Olimpiya Stadionundakı görüşdən xalla ayrılmağa yaxın olduqlarını söyləyib: “Şübhəsiz ki, mənə daha çox sevinc gətirən oyun “Slaviya” ilə qarşılaşma oldu. Çünki qalib gəldik. “Borussiya” ilə matçda isə içimdə boşluq hiss etdim. Çünki heç-heçə edə biləcəyimiz bir gün idi”.
“Sabah”ın aparıcı oyunçusu “Borussiya”nın layiqli qələbə qazandığını da etiraf edib: “Əlbəttə, onların inanılmaz keyfiyyəti var və daha çox qol imkanları yaratdılar. Yəqin ki, nəticə də ədalətlidir. Amma hesab 1:2 olanda yüz faizlik qol imkanımız oldu. Bundan istifadə edə bilməməyimiz təəssüf doğurur. Bəzi epizodları nəzərə almasaq, onlara layiqli müqavimət göstərdik. Çünki bizi müdafiəyə sıxışdırdıqları mərhələlərdə səviyyə fərqi açıq görünürdü. Elə buna görə onlar “Borussiya”da, biz isə “Sabah”da oynayırıq”.
Qeyd edək ki, “Sabah” növbəti oyununu noyabrın 4-də Norveçdə “Vikinq”ə qarşı keçirəcək.
