Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında medal qazanmağa iddialıdır.
Prosport.Az xəbər verir ki, idmançı bu barədə yarışdan sonra jurnalistlərə açıqlamasında deyib.
O, dəstəyə görə azarkeşlərə minnətdarlığını bildirib: "Bütün Azərbaycan xalqına təşəkkür edirəm. Tribunada hər kəs mənə sevgisini hiss etdirdi. 3-cü yer uğrunda qarşılaşdığım Camal Həmzətxanov həm dostum, həm də məşq yoldaşımdır. Düzü, zədələrim olduğu üçün bu görüşə tam hazır deyildim. Belimdə və dizimdə zədə var idi. Buna baxmayaraq, tribunalardan gələn dəstək mənə əlavə motivasiya verdi və bürünc medalı qazandım".
Cüdoçu qarşıdakı hədəflərindən də söz açıb: "Özümə və məşqçilərim Elxan Məmmədovla Mehdi Canəliyevə söz vermişdim ki, finallara qədər irəliləyəcəyəm. Uşanqi Kokauriyə uduzsam da, bürünc medalı əldə etdim. İnşallah, səhvlərimi düzəldib 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycana medal gətirəcəyəm. Bu ayın sonunda isə Neapolda U-23-lərin Avropa çempionatında 2-ci dəfə çempion olub, Azərbaycan tarixinə düşmək istəyirəm".
Kənan Nəsibov Camal Həmzətxanovla keçirdiyi görüşü də dəyərləndirib: "Məşqlərdə bir-birimizin texnikasını yaxşı bildiyimiz üçün ehtiyatlı güləşdik və bir-birimizə xal ata bilmədik. Buna baxmayaraq, qələbə qazanmağı bacardım. O da məğlub olmağı istəmirdi".
O, qələbədən sonra etdiyi jestdən də danışıb: "Mənə deyilmişdi ki, ölkə başçısı, cənab İlham Əliyev də burada olacaq. Sanki elə bildim ki, oturub məni izləyir. Tribunada Rəşad Nəbiyevi, Elnur Məmmədlini gördüm və Azərbaycan əsgəri kimi hərbi salam vermək istədim. Medalımı ailəmə həsr edirəm".
