UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında öz meydanında “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Tvente”nin baş məşqçisi Con van den Brom qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Prosport.Az xəbər verir ki, niderlandlı mütəxəssis məğlubiyyəti şərh edib:
"Topla davranmağı bacaran komandaya qarşı mübarizə apardıq. Məhz bu cəhət bizdə çatışmadı, lazımi anlarda doğru qərarlar verə bilmədik. Müdafiəni sıx saxlamaq vacibdir. Ən azından rəqibin yaratdığı imkanların sayını nəzərə alsaq, nisbətən razı qala bilərik, lakin oyunumuz təkcə müdafiə olunmaqdan ibarət deyil. Uğur qazanmaq üçün meydanda əlindən gələni edən, ən yaxşı formasında olan 11 futbolçuya ehtiyac var. Mən isə bunu komandamda görmədim. Öz səviyyəsindən aşağı çıxış edən həddən artıq çox oyunçumuz var idi. Belə olduqda “Qarabağ” kimi rəqibə qarşı çox çətinlik çəkirsən. Digər tərəfdən, cavab matçına nikbin yanaşıram, çünki göstərdiyimiz performansdan daha yaxşısını bacaracağımızı bilirəm. Əgər səfər matçında əsl gücümüzü ortaya qoya bilsək, o zaman sonadək şansımıza inanmalıyıq. Görüləsi çox iş var, lakin daha yaxşı çıxış etməyə qadir olduğumuzu bilmək məni ümidləndirir".
