“İlk növbədə, futbolçularımı təbrik etmək istəyirəm. Çox yaxşı, düzgün mübarizə apardılar və xeyli güc sərf etdilər”.
Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandda “Tvente”yə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis Ensxede stadionuna 3-cü dəfədir səfər etdiklərini xatırladıb: “İnanın ki, hər dəfə bu stadiondan, azarkeşlərdən və oyundan daha çox zövq alırıq. Ona görə də rəqib azarkeşlər və futbolçulara təşəkkür edirəm. “Tvente” yaxşı oyun göstərdi və azarkeşlər həzz aldılar. O cümlədən, bura bizim azarkeşlər də gəlmişdilər. Bir dəqiqə durmadılar, sanki hamısı bizim yanımızda idi, bizə dəstək verirdilər. Çox xoş və çox vacib qalibiyyət oldu”.
Lakin Qurbanovun fikrincə, bu, hələ ilk hissədir: "Hələ Bakıda cavab oyunu var. Rəqib daha sürətli oynaya, daha çox qol epizoduna girə bilir. Düşünürəm ki, cavab görüşündə daha diqqətli olmalı, daha intizamlı oynamalıyıq ki, 2 oyunun yekununda da qalib gələk. İnanıram ki, Bakıdakı qarşılaşma da buradakı kimi maraqlı keçəcək və azarkeşlərimizi sevindirə biləcəyik”.
