“Real Madrid” Fransa millisinin üzvü İbraima Konateni yeni transferi kimi təqdim edib.
Prosport.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi “Liverpul”la müqaviləsinin başa çatmasından sonra azad agent kimi Madrid klubuna keçib.
Təqdimat mərasimində Konate “Real”a transferinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Bu, mənim üçün çox şey ifadə edir. İlk futbol formam böyük qardaşımın mənə hədiyyə etdiyi “Real” forması olub. O vaxtdan bu möhtəşəm komandada oynamağı arzulamışam. Bu gün isə həmin arzum gerçəkləşib”.
Fransalı futbolçu yeni klubunda titullar qazanmaq və Çempionlar Liqasının qalibi olmaq istədiyini vurğulayıb. O, “Real” formasını layiqincə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verib.
Qeyd edək ki, Konate “Liverpul”un heyətində 2022-ci ildə Çempionlar Liqasının finalında məhz “Real Madrid”ə qarşı oynayıb. Həmin qarşılaşmada Madrid təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
