"Yoxlama oyunu olmasına baxmayaraq, qarşılaşma kifayət qədər sərt mübarizə şəraitində keçdi".
Bu sözləri Prosport.Az saytına açıqlamasında "Səbail"in futbolçusu Kənan Quliyev deyib.
Dayaq yarımmüdafiəçisi Türkiyənin Bolu şəhərində "Sakaryaspor”la yoxlama oyunu zamanı baş verən kütləvi davadan danışıb: "Oyun zamanı baş verən bir epizodda bir-birimizi düzgün anlamadıq və anlaşılmazlıq yarandı. Buna baxmayaraq, oyundan sonra görüşərək əl sıxışdıq, yaşanan problemin meydanda qaldığını bir-birimizə bildirdik. Bir-birimizə uğurlar arzuladıq və xoşluqla ayrıldıq".
Qeyd edək ki, insident 1:1 hesabı ilə başa çatan matçın sonlarında yaşanıb. Kənan Quliyev rəqibi Muhammed Ali Özbaskıcıya qarşı kobud oynadıqdan sonra onu boğmağa çalışıb. Nəticədə insident kütləvi davaya çevrilib. Hadisəyə polis müdaxilə edib.
Qeyd edək ki, Kənan Quliyev ötən mövsüm I Liqada "Mingəçevir"in kapitanı olub. O, daha əvvəl "Karvan-Yevlax", "Şamaxı" və "Qarabağ-2"də də çıxış edib.
