UEFA Çempionlar Liqasının pley-off mərhələsində Rumıniyanın paytaxtı Buxarestdə İsrailin "Hapoel" (Beer-Şeva) və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən ilk oyundan əvvəl nominal meydan sahiblərinin azarkeşinin iştirakı ilə insident baş verib.
Prosport.Az antenasport.ro saytına istinadən xəbər verir ki, paytaxt polisinin əməkdaşları israilli fanatların birinin avtomobilinin baqajında 80-dən çox pirotexniki vasitə aşkarlayıb.
Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, həmin şəxs pirotexniki vasitələri oyuna gələn digər azarkeşlərə çatdırmaq niyyətində olub. Qadağan olunmuş əşyalar aşkarlandıqdan sonra Rumıniyanın partlayıcı maddələrlə bağlı qanunvericiliyinə uyğun olaraq lazımi sənədləşmə aparılıb və materialların cinayət təqibi orqanlarına təqdim edilməsi nəzərdə tutulub. Bununla belə, azarkeşin həbs olunması ilə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, ilk görüş “Hapoel”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşması avqustun 25-də Bakıda keçiriləcək.
