“Qarabağ” komandası bu gün Niderlandda “Tvente”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununa daha bir itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, Azərbaycan klubunun yeni transferi Cəbrayıl Makreçkis səfər qarşılaşmasında iştirak edə bilməyəcək.
Bu, UEFA-nın latviyalı yarımmüdafiəçiyə 2 oyunluq cəza verməsi ilə əlaqədardır. 26 yaşlı oyunçu avqustun 6-da “Qarabağ”ın Polşada Ukraynanın “Dinamo Kiyev” komandasına qarşı keçirdiyi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşünün 88-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. O, cəzasının bir oyunluq hissəsini cavab qarşılaşmasında çəkib.
Bu gün də iştirak ərizəsində yer almayacaq Makreçkis avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq “Qarabağ” – “Tvente” qarşılaşmasında oynaya biləcək.
Məlumatı Sportify.az-a açıqlamasında “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev də təsdiqləyib.
Qeyd edək ki, bu gün “Enshede” stadionunda keçiriləcək “Tvente” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
