"Bu, indiyə qədər karyeramda vurduğum ən vacib qoldur. Amma ümid edirəm ki, burada daha vacib qollar vuracağam".
Prosport.Az xəbər verir ki, bunu İsrailin “Hapoel Beer Şeva” komandasının futbolçusu İqor Zlatanoviç “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
79-cu dəqiqədə komandasının qələbə topunu vuran serbiyalı hücumçu matçı belə dəyərləndirib: “Mən bu komandanın yalnız kiçik bir hissəsiyəm. Bütün komanda möhtəşəm oynadı. Əvvəldə istədiyimiz kimi alınmırdı. Lakin geriyə düşdükdən sonra öz oyunumuzu nümayiş etdirməyə başladıq və möhtəşəm dəqiqələr keçirdik. Daha çox qol vura bilərdik, amma bu nəticəyə görə sevinirik”.
28 yaşlı forvard baş məşqçi Ran Kozuxun fasilədə komandaya verdiyi tapşırıqlardan və əsas mərhələdə oynamaq arzusundan da danışıb: “Ran səhvlərimizi izah etdi və biz də bunlara diqqət yetirdik. Topa nəzarət etdik və daha çox qol vəziyyəti yaratdıq. Bu nəticəyə sevinməliyik. Əlbəttə, Çempionlar Liqasında oynamaq arzusundayam. Televizorda oyunları izləyirəm. Bu arzunu reallaşdırmaq üçün meydanda əlimdən gələni edəcəyəm".
Sonda Zlatanoviç komandanı dəstəkləmək üçün Rumıniyaya gələn azarkeşlərə təşəkkürünü bildirib: Bura bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm. İsraildən kənarda oynamaq çətindir. Onlar ilk dəqiqədən etibarən bizi dəstəklədilər”.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:45-də başlanacaq.
