Azərbaycan Premyer Liqasının I turunun “Qarabağ” – “Şamaxı” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşüb.
– “Qarabağ”a qarşı oynamaq həmişə çətindir. İlk turdan belə rəqiblə qarşılaşmaq futbolçularda 1-ci hissədə bir qədər həyəcan yaratdı. Yaxşı oyun oldu, lakin ümumilikdə qarşılaşmadan ciddi nəticələr çıxarmalıyıq. Səhvlərimiz var. Görüşdən əvvəl dediyimiz epizodlarda xətalara yol verdik. Meydanda daha diqqətli olmalıyıq. “Qarabağ” kimi komandalarla matçlarda tapşırıqlar maksimum yerinə yetirilməlidir, çünki cüzi səhvlər belə bağışlanmır. Çalışacağıq ki, nöqsanlar üzərində işləyək və daha yaxşı “Şamaxı” görəsiniz. “Qarabağ”ı qələbə münasibətilə təbrik edir və Konfrans Liqasındakı oyunlarında uğurlar arzulayıram.
Bağırov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
– Son 2 iş fəaliyyətinizə nəzər salsaq, ağır şərtlər altında böyük işlər görür, komandanı yaxşı motivasiya edirsiniz. Sponsorsuz “Şamaxı”da da fərqli nəsə etmək mümkün olacaq?
– Gənc və perspektivli yerli futbolçulardan ibarət heyətimiz var. Bu gün Azərbaycan futbol ictimaiyyətində daha çox legionerlərdən danışılır, lakin biz ölkə futboluna keyfiyyətli kadrlar qazandırmaq istəyirik. Asan iş olmur, bu gün Premyer Liqada çalışmaq çətindir. İnşallah, zamanla sponsorumuz da tapılar, hər şey yaxşı olar.
