Azərbaycan Premyer Liqasının I turunun “Zirə” – “Şəfa” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşüb.
– Gözlədiyimiz kimi gərgin mübarizə şəraitində keçən bir oyun oldu. Bütün həftə boyu futbolçularımıza bildirirdik ki, bizi çətin sınaq gözləyir. Rəqibin hazırlığından və apardığı seleksiyadan əzmkar komanda ilə qarşılaşacağımızı bilirdik. Avrokubokdakı uğursuzluqdan sonra toparlanmaq, yaxşı oyunla qələbə qazanmaq bizim üçün vacib idi. Digər tərəfdən, “Zirə”ni ən yaxşı tanıyan məşqçiyə (Zaur Həşimov – red.) qarşı oynayırdıq. 7 il klubumuzda fəaliyyət göstərdiyi üçün bizi çox yaxşı analiz etmişdi və oyun zamanı bunu hiss edirdik. “Şəfa”ya növbəti matçlarda uğurlar arzulayıram. Futbolçularıma da təşəkkür edirəm ki, məyusedici nəticədən sonra düzgün reaksiya verib çempionata qələbə ilə başladılar.
– Avrokubokda “Payde” ilə matçlarda bitiricilik problemi sanki həll olunub. Yoxsa bu görünüş rəqibin "Şəfa" olmasına bağlı belə görünür?
– “Zirə”də 7-ci mövsümümə başlamışam, hələ bu qədər yaxşı oynayıb məğlub olduğumuz matç xatırlamıram. Hər iki oyunda epizodlardan istifadə etsəydik, böyükhesablı qələbələr qazana bilərdik.
– Hər halda, 2 qol vurdunuz. Bu, rəqibin oyunundan irəli gəldi, yoxsa komanda artıq düzəlir?
– “Payde”yə qarşı hər 5–7 dəqiqədən bir qol imkanı yaradırdıq, amma “Şəfa” ilə oyunda rəqibin sıx müdafiəsi səbəbindən həmin rahatlığı tapmaq daha çətin idi. Müdafiədə də diqqətli idik, çünki belə matçlarda rəqibin əks-hücumları hər zaman təhlükə yaradır. Bu dəfə daha kəsərli oynadıq və istədiyimizi aldıq.
– Emosional olduğunuz oyunlardan biri idi. Hakimlikdən narazı qaldınız?
– Xeyr, emosional reaksiya verməyimiz hakimlikdən narazı olduğumuz mənasına gəlmir. Hakimin nəticəyə təsir edəcək hər hansı ciddi xətası olmadı. Texniki zonada oyunun həyəcanı ilə bəzən 4-cü hakimə və ya baş hakimə reaksiya veririk, bu da futbolun təbii tərkib hissəsidir. Köklü şəkildə nəticəni dəyişən xətalar yox idi.
– Müdafiəçi İssa Cibrilla bu gün də qələbədə pay sahibi oldu. Onun fiziki vəziyyəti və zədələrə meyilliliyi ilə bağlı durum necədir?
– İssa hücum xəttində əsas aparıcı fiqurlarımızdandır. Ötən mövsüm əzələ zədələrinə görə çox oyun buraxmalı oldu. Mövsümün əvvəlində bu məsələni özü ilə də müzakirə etmişik. Artıq istirahətinə və bərpa prosesinə daha çox fikir verir, çünki çox enerjili oynayır və yüksək tempə görə zədələnmə riski artır. Bu mövsüm həmin mövqedə Qismət Alıyev, Amin Seydiyev və İssa arasında rotasiyalar edəcəyik.
– Ərən Aydının çıxışını və vurduğu qolu necə dəyərləndirirsiniz?
– Ərənin həftəiçi boynundan mikrozədəsi var idi və oyun zamanı da onu narahat edirdi. Bütün bunlara baxmayaraq, çox əzmkar mübarizə apardı və vacib qola imza atdı. "Payde" ilə matçda 2 dəfə dirəyə top vurdu. Ərən də komandamızın əsas dayaqlarından biridir və inanıram ki, çıxışını daha da yaxşılaşdıracaq.
– Azərbaycan çempionatında vaxtın uzadılmaması ilə bağlı tətbiq edilən yeni FIFA qaydaları oyunun tempinə necə təsir edir?
– Mükəmməl qaydalardır. Hamı vaxtın süni şəkildə uzadılmasından şikayətlənirdi. Məsələn, İssa əvəzlənəndə kənardan onun tez çıxması üçün qışqırdım ki, qaydalara görə komandamız 1 dəqiqə azlıqda qalmasın. Yeganə məqam odur ki, qanaxma və ya ciddi xəsarət zamanı həkimlərin meydana girməsi qaydasına yenidən baxıla bilər. Məsələn, "Şəfa"nın mərkəz müdafiəçisi Nihad Quliyevin başında qanaxma olanda, futbolçunun meydandan çıxarılmasının əleyhinəyəm. Yerində müdaxilədən sonra o, meydanda qalmalıdır. Ümumilikdə isə bu yeniliklər futbolun sürətinə çox müsbət təsir edir.
