Ukrayna millisinin keçmiş futbolçusu və kapitanı Yuri Şelepnitski UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Kiyev "Dinamo"sunun "Qarabağ"a qarşı şanslarını qiymətləndirib.
Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis həmyerlilərinin Bakıda daha çətin sınaqla qarşılaşacağını düşünür.
"Polşadakı ilk oyun çətin keçdi. Qol vurdular - əla, amma fərdi anlara və oyunun necə inkişaf etdiyinə baxsaq, kiyevlilər ağır görünürdülər. Və Azərbaycanda daha da çətin olacaq, çünki tamaşaçılar olacaq, stadion onları dəstəkləyəcək və "Dinamo"ya çətin olacaq", - deyə Şelepnitski bildirib.
Onun sözlərinə görə, kiyevlilərin ilk oyunda 1:0 hesablı qələbəsinə baxmayaraq, cavab matçına qədər onların aşkar üstün olduğunu demək tezdir: "Ümid edək ki, şans bizdən yana olacaq. Amma sizə deyə bilərəm ki, bizi çətin oyun gözləyir".
Şelepnitski dəqiq proqnoz verməkdən imtina edərək, "Dinamo"nun növbəti mərhələyə keçəcəyinə ümid etdiyini bildirib.
Cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
