“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” komandası ilə keçirilən cavab oyunu öncəsi baş verən insidentlə bağlı bəyanat yayıb.
Prosport.Az xəbər verir ki, hadisədən əvvəl qonaq azarkeşlər tərəfindən yerli azarkeşlərə qarşı şifahi aqressiya, o cümlədən Azərbaycan mədəni kontekstində təhqiramiz hesab edilən ifadələr səsləndirilib.
Bununla belə, “Sabah” fiziki aqressiyanı və zorakılığı dəstəkləmədiyini açıq şəkildə vurğulayıb:
“Hadisədən əvvəl hansı şəraitin və ya təxribatın olmasından asılı olmayaraq, biz heç bir halda fiziki aqressiyanı və zorakılığı dəstəkləmir və ona haqq qazandırmırıq.”
Klub qeyd edib ki, hadisənin bütün hallarının obyektiv araşdırılması üçün UEFA və aidiyyəti qurumlarla tam əməkdaşlığa hazırdır. “Sabah”ın sərəncamında olan məlumat və materialların, o cümlədən müşahidə kameralarının görüntülərinin aidiyyəti qurumlara təqdim edildiyi bildirilib.
Bəyanatda həmçinin azarkeşlər qarşılıqlı hörmətə və futbol mədəniyyətinə riayət etməyə çağırılıb.
Qeyd edək ki, “Sabah” cavab oyununda “Orhus”u 4:0 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
