"Biz məyusuq, amma etiraf etməliyik ki, həddindən artıq səhv etdik. Buna görə də mübarizədən kənarda qalmağımız ədalətlidir".
Prosport.Az xəbər verir ki, bunu Danimarka “Orhus”unun futbolçusu Kristian Arnstad “Sabah”a 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
Kapitan “Sabah”ın ilk qolunda özünün etdiyi səhvin böyük rol oynadığını etiraf edib: “Bu, mənim uğursuz ötürməm idi və nəticədə əks-hücum yarandı, “Sabah” ilk qolunu vurdu. Həmin qola görə məsuliyyəti öz üzərimə götürməliyəm”.
23 yaşlı yarımmüdafiəçi komandanın oyununun lazımi səviyyədə olmadığını da vurğulayıb: “Oyunumuzu qurmaqda çətinlik çəkirik. Bəli, sadəcə kifayət qədər yaxşı oynamırıq. Çox top itiririk. Buna görə də Çempionlar Liqasına yüksəlməyə layiq deyilik”.
Arnstad 2-ci qoldan sonra komanda yoldaşlarını toparlamağa və oyuna yeni enerji gətirməyə çalışdığını bildirib. Lakin tribunadakı yüksək səs-küyün həmin məqamda buna mane olduğunu deyib: “Bunun üçün bəhanələrdən istifadə edə bilmərik. Superliqanın hər həftəsində yüksək səs-küy və çoxlu azarkeş olur”.
Kapitan komandanı qarşıda daha çətin sınağın gözlədiyini də qeyd edib: “Əlbəttə, şansımızdan istifadə etməyə çalışmalıyıq. Futbolda mümkünsüz heç nə yoxdur, amma təbii ki, çox çətin olacaq. Tamamilə başqa oyun nümayiş etdirməliyik”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel" (Ber-Şeva) komandası ilə üz-üzə gələcək.
