“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxır. Ağdam klubu üçün qarşılaşmanın əhəmiyyəti böyükdür. Məğlubiyyət “Qarabağ”ın Avrokuboklarla vidalaşması demək olacaq.
“Qarabağ” kimi Azərbaycan futbolunda xüsusi yeri olan bir klubun Avropadan erkən kənarda qalması isə təkcə Ağdam təmsilçisi üçün deyil, ölkə futbolu üçün də arzuolunmaz nəticədir.
Çünki “Qarabağ” illərdir Avropada Azərbaycan futbolunun əsas simalarından biridir. Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının əsas mərhələlərində çıxış edən Ağdam klubu qazandığı nəticələrlə bu uğurların təsadüf olmadığını dəfələrlə sübut edib. 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi, 2023/24 mövsümündə isə Avropa Liqasının 1/8 finalına qədər irəliləməsi bunun ən bariz nümunələrindəndir.
Amma indi statistikadan və əvvəlki nəticələrdən daha çox başqa bir məqam ön plana çıxır: azarkeş dəstəyi.
Belə oyunlarda futbolçunun yalnız meydandakı keyfiyyəti deyil, arxasında hiss etdiyi dəstək də vacibdir. Qarşılaşmanın sonlarına doğru yorğunluq artanda tribunadan gələn səs futbolçu üçün əlavə motivasiya ola bilər. Bəzən 70-ci dəqiqədən sonra atılan daha bir sprintin, qazanılan ikili mübarizənin və ya vurulan qələbə qolunun arxasında məhz həmin dəstək dayanır.
Ona görə də bu oyunda “Qarabağ”ın 12-ci oyunçusuna ehtiyacı var.
Söhbət yalnız stadiona gəlməkdən getmir. Söhbət 90 dəqiqə ərzində komandaya inanmaqdan, hesabdan asılı olmayaraq dəstəyi davam etdirməkdən gedir. Futbolçu bilməlidir ki, meydanda tək deyil və tribunalar son fitə qədər onun arxasındadır.
“Qarabağ” illərdir Avropada Azərbaycan futbolunun yükünü daşıyır. İndi isə bu mübarizədə azarkeşin də öz rolunu yerinə yetirməsinin vaxtıdır.
“Qarabağ” azarkeşlərini və Azərbaycan futbolunun uğurunu istəyən futbolsevərləri “Qarabağ” – “Dinamo Kiyev” oyununda tribunada görmək diləyi ilə.
Bahar Rüstəm
