Rusiya Premyer Liqasında çıxış edən Kazanın “Rubin” klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyo ilə maraqlanır.
Prosport.Az UOL nəşrinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçidən ötrü Azərbaycan təmsilçisinə 2,5 milyon ABŞ dolları təklif edilib.
25 yaşlı yarımmüdafiəçi iyunda Ağdam klubu ilə müqaviləsini 3 il müddətinə uzadıb. Hazırda “Rubin”in təklifi “Qarabağ” tərəfindən nəzərdən keçirilir.
“Rubin”dən əvvəl Braziliyanın “Botafoqo” klubu da “Qarabağ”la futbolçu ilə bağlı əlaqə saxlayıb. Rio-de-Janeyro təmsilçisi 1,5 milyon dollar təklif etsə də, Azərbaycan klubu bunu qəbul etməyib.
Nəticədə dayaq yarımmüdafiəçisi mövqeyinə Dominqos Andradeni alan “Botafoqo” Bikalyo uğrunda mübarizədən geri çəkilib.
Qeyd edək ki, Pedro Bikalyonun karyerasının ilk illəri Braziliya futbolu ilə bağlıdır. Yarımmüdafiəçi “Palmeyras”ın heyətində 2022-ci ildə San-Paulu Gənclər Kubokunun qalibi olub. “Kruzeyro”nun kəşf etdiyi futbolçu daha sonra Portuqaliyada “Santa Klara”, “Vitoriya” və “Alverka”nın formasını geyinib.
Bikalyonu 2025-ci ilin iyununda “Qarabağ” transfer edib.
