"Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının təsnifat mərhələsində üstələdiyimiz “Ludoqorets”dən daha kompakt komandadır".
Prosport.Az xəbər verir ki, bunu Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Svit Seşlar “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
21 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunu cari mövsüm üz-üzə gəldikləri əvvəlki rəqiblərlə müqayisə edərək deyib: “Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir. Amma Azərbaycan təmsilçisi də meydanda nə etdiyini bilir”.
Gənc oyunçu hələ də mərhələ adlayacaqlarına inamını itirməyib: “Oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli rəqibdir. Matça yaxşı başlasaq da, ilk hissənin sonlarında 2 qol buraxdıq. 2-ci hissədə ən azı 1 qol vurmağa layiq idik. Uduzsaq da, Azərbaycana ümidli getməliyik. Vəziyyəti lehimizə çevirəcəyimizə inanıram”.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

