“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.
Prosport.Az xəbər verir ki, 1 gün ərzində 2 görüş baş tutub.
İlk oyunda rəqib “Neftçi-2” olub. “Neftçi” Futbol Mərkəzində təşkil edilən qarşılaşmada “Şəfa” 2:1 hesabı ilə qalib gəlib. Qollara Elmir Tağıyev və Elnur Cəfərov imza atıblar.
Paralel keçirilən digər sınaq matçı “Qarabağ-2” ilə reallaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan görüş “Şəfa”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nahid Əliyev, Mussa Qael və Nihad Quliyev qolların müəllifi olublar.
Hər iki oyunda məşqçilər 2 fərqli heyəti sınaqdan keçiriblər.
Bununla da “Şəfa” təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv digər sınaq matçlarında “Araz-Naxçıvan”a qalib gəlib (2:0), “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib.
