"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. "Dinamo" Azərbaycana çox tanış, burada da kifayət qədər azarkeşi olan komandadır. Maraqlı oyun olacaq. Matça tam istədiyimiz kimi hazırlaşmışıq, səfərə yaxşı nəticə üçün gedirik. Rəqib də ciddi hazırlaşıb, çempionat oyunları təxirə salınıb. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq".
Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Polşada Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə Bakıda təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Zakaria Savonun yoxluğunda mərkəz hücumçusu kimi Renaldo Sefası görə bilərik?
- Hansısa dəyişikliklər olacaq. O da variantlardan biridir. Hələ qəti qərar verməmişik ki, orada Sefas oynayacaq, ya başqası.
- Sabahkı matçda sizi daha çox nə narahat edir: "Dinamo"nun adı, yoxsa futbolçuları?
- Məni həmişə narahat edən rəqib yox, özümüz olmuşuq. İstəmişəm ki, komandam istədiyim kimi hazırlıq keçsin. Komandada bəzi narahatçılıqlarım var. Sofiyadakı cavab oyunundan sonra bəzi futbolçularda mikro zədələr yarandı, tam formada məşq edə bilmədilər. Oyundan sonra məşqçilər arasında danışırdıq və dedim ki, bu gün 120 dəqiqə oynamaq istənilən komanda üçün tezdir. Xüsusilə də, yeni formalaşmış komanda üçün. 90 dəqiqə hazır olmayanlar var idi. Oyunçuların bərpası gec oldu. "Dinamo" kimi rəqiblərə qarşı oynamağı xoşlamışam. Xüsusilə də, köhnə potsovet komandalarına qarşı... "Dinamo"ya uşaq vaxtı özüm də azarkeşlik etmişəm. O vaxt əsas komandalar "Dinamo" və "Spartak" idi. Köhnə "Spartak"ın oyunu mənim üçün daha uyğun idi. Ancaq "Dinamo"ya daha çox azarkeşlik edirdim. Bu cür komandalara qarşı oynamaq həmişə maraqlıdır. Bəlkə başqa komanda olsaydı, bizdə də azarkeşlər arasında oyuna maraq belə böyük olmazdı. Ancaq "Dinamo"nu hamı tanıyır, yaşlı nəsil onların oyunlarına baxıb. Belə komandalara qarşı oynamaq mənim üçün prestij olub, çəkinməmişəm. Həmişə demişəm irəli getmək, böyümək üçün bu cür komandalara qalib gəlməlisən.
- Mərhələlər keçdikcə, daha güclü rəqiblər gəlir. "Qarabağ" bu gün avrokuboklarda həm də çempion olmamağın əziyyətini çəkir?
- Belə rəqiblərə qarşı çox oynamışıq. Ötən mövsüm biz çox yükləndik. Bizim kimi çox komandalar ötən mövsümkü nəticələri qoruyub-saxlaya bilmədilər. Çempionatda da belə oldu. ÇL-in çəkisi başqadır. Hətta qrupda oynamaq yox, elə o adın özü tam başqadır. Kollektiv həmişə bir sağlam olmur. Gedişatda bunu yaxşılaşdırmaq baxımından güc sərf etməli oluruq. Sofiyada qalib gəlməsək də, uduzmamışıq da. Hər iki matç bərabərliklə başa çatdı. Cavab oyununda komandamın xarakterindən tam razı qaldım. Bu oyunda bəzi futbolçulara görə narahatçılığım var. Zakaria Savo bu cür rəqiblərə qarşı lazım idi. Onun olmaması da, əlavə düşünülməyən epizod oldu. Buna baxmayaraq, rotasiyalar edəcəyik, yaxşı hazırlaşacağıq. Çempionluq həmişə bizə yazılmayıb ki, rəqiblər də illər boyu bu turnirlərdə iştirak etmək üçün proqram qururlar. Ola bilər ki, yenilənməyə ehtiyac var. Yolumuza davam edirik. O demək deyil ki, tutduğumuz yol düzgün deyil. Addımlar da atırıq. Düşünürəm ki, yaxşı olacaq. Sona kimi mübarizə aparacağıq.
- "Dinamo" neytral meydanda oynayır. Bu məqam onlara necə təsir edəcək? Vaxtı ilə siz də oyunları Türkiyədə keçirirdiniz...
- Biz çox az müddət keçirdik bu oyunları. Mütləq ki, təsiri olacaq. Mən də istəyərdim ki, Kiyevdə, böyük stadionunda oynayaq. Hər halda, bu Valeri Lobonovskinin komandasıdır, orada oynamaq bizim üçün xoş olardı. Böyük ehtimal xeyli azarkeşimiz olacaqdı. Futbol elə həddə çatıb ki, səfər və ya ev fərq etmir. Bəzən səfərdə oynamaq daha asan olur, nəinki evdə oynamaq. Səfərdə bəzən həyəcan daha az olur. Hər bir halda, təsiri var. Bu, "Dinamo"dur, neçə illərdir neytral meydanda oynayırlar. İnanmıram ki, bu məqam onlara təsir etsin. İstəməzdim ki, müharibə şəraitində oynasınlar. Allah qoysa, tezliklə müharibə bitər və hər kəs evinə qayıdar. Həyatdır da, belə hallarla razılaşmaq lazımdır. İnanıram ki, nəinki Ukrayna-Rusiya, dünyada bu problemlər yoluna qoyular, hamı xoş-firəvan yaşayar.
- Ukrayna mətbuat "Dinamo"dan narahatdır. İtkiləri də var...
- Son iki oyunlarına baxdım. Gördüyümüz nəticə oyuna görə deyildi. PAOK yaxşı komandadır, bəlkə haqlı qalib gəldilər. Yeni oyunçular gəlib komandaya. Deməzdim ki, "Dinamo"nun müdafiə xəttində problem var. Biz də iki oyuna bir qol vurmadıq, bizdə də hansısa çatışmazlıq ola bilər. Sadəcə bu fikirlər bizə təsir etməli deyil. Biz sadəcə yaxşı komandaya qarşı hazırlaşırıq. Çox diqqətli olmalıyıq. Həm təcrübəli, həm də cavan oyunçulardan qurulmuş fiziki komandaya qarşı oynayacaq.
- Eyni gündə üç komandamız avrokuboklarda mübarizəni dayandırdı. "Zirə", "Neftçi" haqda fikirləriniz necədir?
- Əfsuslar olsun ki, mərhələni keçə bilmədilər. Sevindirici odur ki, bu, göstərdikləri oyuna görə olmadı. Klublarımızın yaratdıqları qol epizodlarına, oyunlarına baxaq..."Zirə", "Neftçi" və "Qarabağ".. Biz də mübarizəni dayandırdı. Amma oyuna görə nəticələr deyildi. Əvvəlki illəri nəzərə alsaq, bütün klublarımız belə inamlı çıxış etməmişdi. Ola bilər ki, vaxt lazım gəlsin, daha geniş heyət qurulmalıdır. Klublarımız çox inamlı oldu. Müsbət haldır. Çox inamlı oyunlar keçirdilər. Məğlub olmağa layiq deyildilər. Gələn il daha yaxşı nəticələr olacaq. Ölkə futblu Avropa arenasında inamı qoruyub-saxlaması önəmlidir. İllər keçdikcə hər bir klubumuz Avropaya ambissiyalı hazırlaşır. Hamı orada oynamaq istəyir. İntriqa zaman keçdikcə böyüyür. Klublarımız da böyüyür, məşqçilər, rəhbərliyin təcrübəsi çoxalır. Əsas da inamlı olmaqdır. Qarşıdakı illərdə daha yaxşı nəticələr olacağına inanıram.
- Şahruddin Məhəmmədəliyevin "Zirə"yə gedəcəyi deyilir...
- Şahruddinlə bağlı məndə məlumat yoxdur. İnanmıram ki, belə danışıqlar olsun.
- Mateuş Koxalski son matçdan sonra çox tənqid edildi. Özü ilə danışmısınız, psixoloji durumu qaydasındadır?
- Normaldır, hər şey qaydasındadır. Biz bunu qəbul etməliyik. Bu barədə daim düşünürük. Uduzanda bizi alqışlayıblar, bizdən razı qalıblar. Sadəcə bəzi kütlə narazı qalır, bu da normaldır. Koxalski də tənqid olunası bir ciddi şey varmı? Sadəcə penaltilər idi. Kömək edə bilmədi. Rəqibin də ustalığını nəzərə almaq lazımır. Uduzurqsa, tənqid olunmalıyıq. Yaxşı mübarizəyə diqqət ayırmırlar, sırf nəticəyə baxırlar. Bu da normaldır. Düşünürlər ki, uduzublarsa, hər şey pisdir. Normaldır. Koxalski komandaya tam uyğunlaşır, təcrübəsi artır. Böyümək üçün mütləq tənqidləri qəbul etməyi bacarmalıyıq. Bəzən xətdən kənara çıxırlar, o da hər yerdə var.
- Böyük ehtimalla çempionluq mübarizəsi "Qarabağ"la "Sabah" arasında gedəcək. Bu mövsüm onlara qarşı oynamaq daha çətin olacaq?
- Bugünkü matçda onlara uğurlar arzulayıram. Vacib matçları var. Çempionluq uğrunda iddialılar çoxalıb. Dünən də Ehtiram Quliyev müsahibəsində deyib ki, çempionluğa oynayırlar. Ötən mövsüm də iddialı idilər. Onların ötən mövsümkü oyunları və istəkləri göstərdi ki, daha hazırlıqlıdırlar. Həm hazırlaşmaq üçün vaxtları az olmadı. Ola bilər ki, komandanı tam möhkəmləndirəcəklər. "Neftçi"ni də də unutmaq olmaz. Onlar da çempionluğa oynayacaqlar. "Sabah" bu gün təcrübəli komandadır. Avropa Liqası ayrıdır, Konfrans Liqası ayrı. Çempionlar Liqasıda 1-2 oyun oynayanda daha inamlı, daha təcrübəli olursan. "Sabah" bu mövsüm meydanda daha inamlı və sərbəstdir. Qarşında inamlı komanda dayanırsa, sənin üçün asan olmayacaq. Buna görə, bu il daha gərgin çempionat olacaq. Daha səliqəli, daha diqqətli hazırlaşmalıyıq liqaya. Hələ ki fikrimiz avrokuboklara yönəlib. Futbol elə səviyyəyə çatıb ki, zədələr çoxalır. Daha çox güc sərf olunur, böyük sürət tələb edilir. Sıx qrafikdən danışılası deyil. İnanıram ki, bu mövsüm çempionat daha gərgin olacaq.
