AFFA-da baş katibin müşaviri və Hakimlər Komitəsinin sədri kimi fəaliyyətini başa vuran belçikalı FİFA referisi Frank de Blekere milli assosiasiyaya təşəkkür məktubu ünvanlayıb.
Prosport.Az xəbər verir ki, belçikalı mütəxəssis məktubunda Azərbaycanda çalışdığı 2 illik dövrü dəyərləndirib, bu müddətdə əldə olunan uğurlardan bəhs edib, birlikdə çalışdığı hakimlərə, Hakimlər Departamentinə və AFFA rəhbərliyinə minnətdarlığını ifadə edib.
“2 illik əməkdaşlıqdan sonra mənə ölkənin ən yaxşı hakimləri ilə işləmək imkanı yaratdığı üçün AFFA-ya səmimi təşəkkürümü bildirirəm. Bu müddət ərzində birlikdə həm ölkə daxilində, həm də beynəlxalq arenada mühüm uğurlara imza atdıq. 2 hakimimizin UEFA-nın I kateqoriyasına yüksəlməsi ilə tarix yazdıq, UEFA Superkuboku və UEFA Çempionlar Liqası oyunlarına təyinatlar əldə etdik, seminarlarımızda UEFA-nın Hakimlik üzrə mütəxəssisləri Byörn Kuypers və Karlos Velaskonu qonaq etdik.
Həmçinin tariximizdə ilk dəfə olaraq dörd FİFA hakimi, iki əlavə köməkçi hakim və üç FİFA VAR hakiminə sahib olduq. Bütün bu uğurları birlikdə qazandıq və əldə etdiyimiz nəticələrlə qürur duyuram. AFFA-ya, Hakimlər Departamentinə və bütün oyun rəsmilərinə təşəkkür edirəm. Sizinlə işləmək mənim üçün böyük şərəf idi. İndi isə fəaliyyətimdə yeni bir səhifə açaraq Serbiyada RefCo-nun sədri vəzifəsinə başlayıram. Sonda isə futbola və hakimliyə ən uyğun ifadələrdən biri ilə sözümü bitirmək istərdim: Futbolda və hakimlikdə biz heç vaxt vidalaşmırıq”, - deyə məktubda qeyd olunub.
