FIFA dünya çempionatı səhmlərinin özəl investorlara satılmasını nəzərdə tutan “FIFA Forward Enterprise” layihəsinin həyata keçirilməyəcəyini açıqlayıb.
Prosport.Az xəbər verir ki, ali futbol qurumunun prezidenti Canni İnfantino layihə ilə bağlı açıqlamasında qərarın müxtəlif tərəflərin fikirləri dinlənildikdən sonra qəbul edildiyini bildirib.
“FIFA Forward Enterprise” layihəsi FIFA-ya üzv assosiasiyaların, xüsusilə də daha çox dəstəyə ehtiyacı olan ölkələrdə futbolun inkişafına xidmət etməli idi. İnfantino qeyd edib ki, layihənin reallaşdırılması üçün FIFA üzvlərinin əksəriyyətinin dəstəyi, həmçinin FIFA Şurası, konfederasiyalar və digər maraqlı tərəflərlə məsləhətləşmələr nəzərdə tutulurdu.
Lakin FIFA rəhbəri layihənin futbol ictimaiyyətində parçalanmaya səbəb olduğunu vurğulayıb: “Bütün fikirləri diqqətlə dinlədikdən sonra aydın oldu ki, layihə dəstək səviyyəsindən asılı olmayaraq, ilkin məqsədimizin maraqlarına artıq uyğun olmayan fikir ayrılıqları yaradıb. Məqsədimiz həmişə birləşmək və inkişaf etmək olub və belə də davam edəcək. Nəticədə bu təklif həyata keçirilməyəcək".
