"Qarabağ" Azərbaycan Premyer Liqasının III turunda öz meydanında "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Çox gərgin oyun oldu, vacib 3 xal qazandıq. Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədir ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki futbolçuların hazırlığında bir az qeyri-stabillik var. Bu da başadüşüləndir. Bir qrup oyunçular avrokuboklarda, digərləri çempionatda oynayır, bəziləri zədəlidir. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini, onların daha da böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Qalib olmasaq belə. Çox əziyyət çəkdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə təşəkkürümü bildirirəm. Azər müəllimə, "Araz-Naxçıvan"a uğurlar arzulayıram
– Andrey Lunyovdan gözləntiləriniz nədir? Şahruddin Məhəmmədəliyevin əsas heyətdəki yerini itirəcəyini proqnozlaşdırmaq olar?
– Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə, son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması onların özlərindən asılı olacaq. Lunyova ümidlərimiz böyükdür. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdur. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik.
– "Qarabağ" bu gün çox güc sərfəli oldu. Bu matçı "Olimpiya" ilə oyun qabağı səmərəli hazırlıq hesab etmək olar?
– Faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq və sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, 2 gün əvvəl Bakıya qayıtmışıq. 5 saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də oyun saat 6-da oldu. HYK-la matçdan 3 sutka keçməyib. Oynamaq bizim borcumuzdur. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördünüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədəvi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də, komandaya da böyük təcrübə verir.
– "Olimpiya"nı araşdırmısınız? İlk matçın səfərdə olması sizin üçün üstünlükdür?
– Ola bilər. Bəzən ilk oyun evdə olur, fayda verir. Futbol elə nöqtəyə gəlib ki, səfər və ev fərq etmir. İnşallah faydalı olar.
– 5 il əvvəl "Olimpiya" ilə oynamısınız...
– Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidir. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldır, xeyli sayda legioner Portuqaliyadandır. Portuqal və ispan futboluna daha yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, hər 2 oyun maraqlı olacaq.
– Bəhlul Mustafazadə həmin oyuna qədər hazır olacaq?
– Olmalıdır. Bu gün ağrıları azalmışdı. Sabahkı məqşdə görək özünü necə hiss edəcək. Ondan sonra məlumat verəcəyik.
– "Sabah" və "Neftçi" avrokuboklarda mübarizəni dayandırdı, yoluna davam edən tək komanda sizsiniz. Əlavə məsuliyyət var?
– Bizdə məsuliyyətin olmadığı vaxt yoxdur. "Qarabağ"ın elə adı var ki, burada mütləq məsuliyyət olmalıdır. Bunu rəhbərlik də bizə bildirir, məndə və futbolçularda məsuliyyət çoxdur. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Oyunlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşdü. "Partizan"ın illərdir təcrübəsi var. 2-ci hissəyə tam baxdım. Uduzsalar da, yaxşı oynadılar. Bu amil ola bilər ki, bizim məsuliyyətimizi daha da artırsın. Stimul həmişə var. Hamı "Qarabağ"lı olacaq. Biz də çalışacağıq ki, maksimum güc sərf edək ki, onları sevindirək.
– Mətbuatda daha bir transferin olacağı iddia olunur. Bu haqda nə deyə bilərsiniz?
– Ola bilər ki, transfer olsun. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Əgər düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik.
– Lunyovun hazırkı durumuna əsasən demək olar ki, ondan qrup mərhələsində faydalanacaqsınız?
– Bir neçə gün vaxtımız var. Oyun qabağı məşqimiz oldu. Sabah və birigün məşqimiz olacaq. Məşqlərdə baxacağıq. Oyun təcrübəsi son vaxtlar olmasa da, təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə danışacağıq. Get-gedə qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik.
– Mateus Barbozanın Bakıda olduğu deyilir...
– Düşündüyümüz transferlərdən Bakıda olanları yoxdur.
– Qaspar Panadero komandada qalacaq?
– Ayrılmaq qərarına gəlmişik. Əvəzedici komandadadır. Sadəcə komanda tapdıqda, buraxa bilərik. Yoxdursa, onun hüquqları var. Sona qədər məcburuq ki, müqaviləsinə əməl edək. Amma özünə bildirilib ki, komanda tapsa, buraxacağıq.
– Legioner futbolçu transfer ediləndə rüsum ödənilir. Milli üzvlərinə görə rüsum lazım deyil. Sizdə isə 15 legioner var ki, onlardan cəmi 5-i milli üzvüdür. Bu mənada PFL-in rüsum məsələsi "Qarabağ"ın transfer siyasətinə ciddi təsir edir, daha çox milli komanda üzvlərini axtarmağa sizi məcbur edir?
– Maddi tərəf mənə aid olmayan məsələdir. PFL-in bayrağı altında çıxış ediriksə, nizamnaməyə əməl etməliyik. Amma bəzən elə olur ki, düşünmədiyim transfer olur. Rüsuma görə yox, amma milli üzvlərinə üstünlük veririk. Onların təcrübəsi, daim beynəlxalq oyunlarda iştirak etməsi bizə fayda verir. Bu, transfer siyasətimizə problem törətmir.
– Görmək istədiyiniz Adama Diakabini görürsünüz?
– Belə oyunlar futbolçuya və mənə ümid verir. Baxmayaraq ki, 2 oyunda qol vurub, bu gün də onun idman formasından razı deyiləm. Böyük potensiala malikdir, böyük liqalarda oynayıb. Bu, davamlı olacaqsa, niyə də ondan istifadə etməyək? İnsanın özündən, peşəkarlığından da çox şey asılıdır. Daim çalışmalıyıq ki, stabilliyi qoruyub-saxlayaq. 3 oyunda qalib gəliriksə, 4-5 ci oyunda uduzmaq limitimiz var, belə deyil. Stabilliyi saxlasa, avrokuboklarda da oynamaq ehtimalı var.
– Qapıçılardan 1-i icarəyə veriləcək?
– Heç 1 klubla danışıq getmir. Bəzən hansısa oyunçu daim oynamaq istəyir. Olsa, bunu nəzərdən keçirəcəyik. Olmasa da, hər 4 qapıçı bizimlədir.

