“Araz-Naxçıvan” 10-cu əcnəbi futbolçunu transfer edib.
Klubdan Prosport.Az-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi ilk turda kobud səhvlər edərək ümidləri doğrultmayan bosniyalı qapıçı Semir Bukviçin yerinə qapı xəttini gücləndirib.
Naxçıvan klubu moldovalı Kristian Avramla 1 illik müqavilə bağlayıb. 193 sm boya malik olan və Moldova millisinə çağırılan 29 yaşlı qolkiperin son klubu vətənində “Petrokub” olub. Buna qədər o, Rumıniyanın “Buzou”, Moldovanın “Dinamo-Avto”, “Daçiya”, "Akademiya Kişinau" komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsində Nunu Miqel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Masike və İqor Ribeyru kimi əcnəbiləri transfer edib. Klub eyni zamanda, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev və Zamiq Əliyevlə anlaşıb.

