Azərbaycanın 3 klubunun eyni gündə öz meydanında matç keçirməsi qərarı dəyişdirilməyib.
Bu haqda Prosport.Az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib. O, UEFA-nın təklifə müsbət cavab vermədiyini qeyd edib:
“3 avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən, bununla razılaşmadılar. Nəticədə UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə – avqustun 10-da keçirilsin”.
Xatırladaq ki, UEFA avqustun 10-da "Qarabağ"ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-lə (Fİnalandiy), Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin "Beşiktaş"la (Türkiyə) və "Sabah"ın "Partizan"la (Serbiya) oyununun Bakıda keçiriləcəyini təsdiqləyib.

