“Qarabağ” ilk oyundakı məğlubiyyətə baxmayaraq, cütün favoritidir”.
Prosport.Az xəbər verir ki, bunu Polşa millisinin sabiq futbolçusu Kamil Kosofski “Rakuf”un UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” önündə şanslarını dəyərləndirərkən deyib.
45 yaşlı mütəxəssis Polşadakı 3:2 hesablı qələbənin həmyerlilərinə üstünlük verdiyini düşünür: “Rakuf” ilk oyunda minimal hesabla qalib gəldiyindən, nəzəri cəhətdən daha şanslıdır. Ancaq ötən mövsüm “Lex” 1-ci oyundakı qələbə hesabını cavab görüşündə qoruya bilməmişdi. “Qarabağ”ın çatışmazlıqları daha çoxdur. Ən zəif nöqtələri isə qapı xəttidir. Onların qapıçısı ilk matçda fəlakətli səhvlərlə “Rakuf”a 3 qol hədiyyə verdi”.
"Kayzerslautern", "Sauthempton", "Kyevo" və "Kadis"in sabiq futbolçusu evdə buraxılan 2 qolun Çenstoxova təmsilçisinə baha başa gəlməsindən ehtiyatlanır: “Rakuf” evdə özünü möhkəm komanda kimi təqdim etsə də, 2 qol buraxdı. Bu da rəqibə özünəinam verdi. İqlimi, Azərbaycan çempionunun gücünü nəzərə alsaq, Qurban Qurbanovun yetirmələrinin şansı daha çoxdur. Amma “Rakuf” da ilk görüşdəki qələbə səbəbindən Bakıya nikbin yollana bilər”.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.

