Almaniya mətbuatı "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin 2-ci Bundesliqanın son matçlarındakı performansından yazıb.
Prosport.Az xəbər verir ki, “Bild” nəşri millimizin forvardının performansını belə şərh edib:
"Padaborn"la (2:3) matçdakı məhsuldar ötürmədən savayı, azərbaycanlı son bir neçə həftədə çox az nailiyyət əldə edib. Emreli “Elvasberq”lə son görüşdə (1:2) bir neçə qol şansı əldə etmişdi".
Lakin komandanın baş məşqçisi Miroslav Kloze “Bild”ə açıqlamasında ümumiyyətlə forvardın da yer aldığı hücum xəttindən razı qalmayıb: "Bu oyunda başqa oyunlarda olduğu qədər istək və sayıqlıq, topsuz işləmək əzmi yox idi. Bu halda biz nəyisə əskik edirik. 2-3 nəfər qalanlardan az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”.
Qeyd edək ki, “Nürnberq” 15 turdan sonra 12-ci pillədədir.

