Məsələ ilə bağlı Badminton Federasiyasının da mövqeyini öyrəndik.
“İlk olaraq bildirək ki, Elio Bevilakva artıq uzun müddətdir ölkəmizdə fəaliyyət göstərən sahibkarlardan biridir. Biznes sahəsində böyük təcrübəyə malikdir. Beynəlxalq səviyyəli turnirlərin təşkilatçılığında bizə çox böyük faydası olub. Onunla bu gün də yaxşı münasibətlərimiz var. Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ehtiyac olarsa, yenidən onun köməyindən yararlana bilərik"
09:50
Təxminən 1 il əvvəl (2024-cü ilin oktyabrı) Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə cəlb olunmuş italiyalı Elio Bevilakva artıq qurumdan çıxarılıb.
Prosport.Az-ın xəbərinə görə, ötən ayın 22-də Gənclər və İdman Nazirliyində keçirilmiş seçkilərdə onu İdarə Heyətində Natəvan Məmmədova əvəzləyib.
Natəvan Məmmədova inklüziv badmintonun inkişafına kömək məqsədilə federasiyaya cəlb olunub.
Bəs federasiyanın İdarə Heyətinə cəlb olunan senyor Bevilakva niyə federasiyadan ayrıldı? Onunla əlaqə saxladıq. Cavab belə oldu: "Mənim prioritetim mənim biznesimdir. Əgər vaxtım olarsa, o zaman digər işlərə diqqətimi ayıra bilərəm. Siz məndən niyə oradan ayrıldığımı soruşursunuz. Çünki mənim daha vacib işlərim var".
Daha sonra Bevilakva işlədiyi Qusarın Laza kəndindəki restorana bizi çay və ya espresso içməyə dəvət etdi. Dediyinə görə, onda daha ətraflı danışa bilər. Düşünürük ki, bizə elə bu qısa cavablar müəyyən qənaətə gəlmək üçün kifayət edir.
Xatırlayırsınızsa, 2024-cü ilin noyabrında Elio Bevilakvanın kimliyi barədə oxucularımıza məlumat vermişdik. Bildirmişdik ki, o, Azərbaycandakı restoranlarda baş aşpaz (şef-povar) kimi fəaliyyət göstərir. Həmin vaxt COP29-la bağlı başı qarışıq olduğundan, suallarımıza cavab ala bilməmişdik.
Hərçənd, indiyədək də aydın deyil ki, italyan aşpaz Badminton Federasiyasının prezidenti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Taleh Ziyadovla hansı tanışlığına, hansı idman biliklərinə görə quruma cəlb olunmuşdu və onun fəaliyyəti son 1 il ərzində nə ilə bağlı oldu? Yəqin ki, bu sualların cavabını ancaq Taleh Ziyadovun özü bilir.
Səbuhi Musa

