"Azərbaycan futbolu üçün böyük işlər görülüb. 2 ay əvvəl burada tamam başqa mənzərənin şahidi olardınız. Bura demək olar ki, səhra idi. FIFA standartlarına uyğun 10 meydança qurulub. Bunlar 66 günə həll edilib. Bütün dövlət qurumları ilk günlərdən bizə dəstək oldu. Azərbaycan futbolu üçün böyük işlər görülüb. U-15 dünya çempionatı bu işlər üçün təkan idi. Uşaq futbolunun inkişafı üçün işlər görmək arzumuz idi. Artıq uşaq futbolunun inkişafı üçün şərait qurulub. FIFA prezidenti Canni İnfantino da komplekslə tanış olub. O, işlərin belə sürətlə yekunlaşdığını heç bir ölkədə görmədiyini bildirib".
Prosport.Az xəbər verir ki, bu sözləri AFFA baş katibinin müşaviri Ramazan Səmədov deyib. AFFA rəsmisi saytımızın əməkdaşının verdiyi suallara belə cavab verib:
– Mənə ən çox tribunalarla bağlı məsələ maraqlıdır. Azarkeşlər üçün tribunalar nəzərdə tutulub?
– Bəli. FIFA-dan bununla bağlı xüsusi tələb yox idi. Amma öz təşəbbüsümüzlə hər bir stadionda tribuna quraşdırılması məsələsini qaldırdıq. Bu məsələ bugünlərdə həll olunacaq. 2 meydançanın kənarında 100-dən çox, qalan meydançalarda isə 50-yə yaxın tribunanın quraşdırılması nəzərdə tutulub.
– Belə başa düşmək olar ki, tamaşaçı tutumu çox olan meydançalara əsas matçlar salınacaq?
– Yox, sadəcə, şərait və vaxta görə belə qərar verilib. Bütün meydançalar bərabər səviyyədə oyunlara şahidlik edəcək.
– Açılış matçında millimizin oynaması məsələsi dəqiqləşib?
– Mənə aid sahə infrastrukturla bağlıdır. Bu suala AFFA-nın başqa rəsmiləri cavab verə bilər.
– Ot örtüyünün keyfiyyətinin yoxlanılması məqsədilə test oyunu nəzərdə tutulub?
– Bu ot örtüyü FIFA-nın təsdiqlədiyi ən yüksək keyfiyyətli qazondur. Xalq dilində desək, bundan daha yaxşısı yoxdur.
– Yarış bitdikdən sonra kompleksin kiməsə təhvil verilməsi nəzərdə tutulub?
– Xeyr. Bu, AFFA-nın balansında olan kompleksdir. Yarışdan sonra onu əsasən aşağı yaş qrupları üzrə millilərin bazasına çevirməyi planlayırıq.
– Hazırda burada FIFA nümayəndələri var?
– Bəli. Onlar ərazidə var, görülən işlərlə tanış olurlar.Hər bir stadionda tribuna quraşdırılması gündəmdədir. 2 stadionda 100, digərlərində 50 insan matçları izləyə biləcək".
R.Səmədov stadionların ot örtüyünün də FIFA standartlarına cavab verdiyini vurğulayıb:
"Hazırda ərazidə FIFA-nın nümayəndələri də var. Bu kompleks uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub".
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
