"Əsl mübarizə idi. 2 eynisəviyyəli komandanın mübarizəsi oldu. Çox təəssüf ki, biz qol vura bilmədik. Azərbaycan 1 fürsətdən istifadə etdi. Bəzi detallar var ki, onlar haqda danışmaq istəmirəm. Artıq oyun keçirilib. Azərbaycanı qələbə münasibəti ilə təbrik edirəm".
Prosport.Az xəbər verir ki, bu sözləri Litva milli komandasının baş məşqçisi Edqaras Yankauskas Millətlər Liqasının D Liqasının III turunun Azərbaycana qarşı keçirilmiş görüşündən sonra deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Azərbaycanın Lixtenşteyni məğlub edə bilməməsi sizə motivasiya vermişdi?
- Əvvəlki matç tamam fərqli idi. Bizim üçün əhəmiyyət kəsb etmirdi. Biz bu oyuna kökləmmişdik. Buradakı ssenari daha fərqli idi. Biz cərimə meydançasına çoxlu hücumlar etdik. Əsl kişi mübarizəsi getdi. Hər iki komanda maksimumu etdi. Təəssüf ki, oyun bizim üçün məyusedici bitdi. Azərbaycan 1 qolla nəticəyə nail oldu.
- Bu məğlubiyyətdən sonra qrup 1-ciliyi uğrunda mübarizədə geriyə düşdünüz...
- Riyazi olaraq, qrup 1-cisi olmaq imkanımız var. Amma bu, bizdən asılı deyil.
- Abdulla Xaybulayevə qırmızı vərəqə verilsə də, baş hakim VAR-a baxdıqdan sonra qərarını dəyişdi. VAR-la bağlı fikirləriniz necədir?
- Çox təəssüf ki, bu gün bütün qərarlar əleyhimizə oldu. VAR bizə simpatiya göstərmədi, bütün məsələlərdə Azərbaycanın xeyrinə qərar verildi. Vurulan qolda bizim oyunçuya qarşı kobudluq var idi. Amma nə hakim yoxladı, nə VAR qərarı dəyişdi. Qırmızı vərəqəyə gəldikdə, VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirildi. Halbuki oyunçumuz sürətlə gedirdi. Orada yüngül kontakta da vərəqə göstərilməliydi. VAR bu gün bizim yox, qarşı tərəfin xeyrinə qərarlar verdi.
- Dünən demişdiniz ki, Valdas Dambrauskasla görüşəcəksiniz. Sirr deyilsə, nə haqda danışdınız?
- Bizə uğurlar arzuladı.
