Şotlandiyanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunöncəsi yeni baş məşqçini açıqlayıb.
Prosport.Az xəbər verir ki, Şotlandiya Futbol Assosiasiyası bu vəzifəyə Toni Dohertini təyin edib.
55 yaşlı mütəxəssis bu postda Skot Gemmilli əvəzləyib. Doherti sona iki tur qalmış B qrupunda 4-cü pillədə qərarlaşmalarına baxmayaraq, hələ də ikinci yerə ümidlərini itirmədiklərini bildirib.
O, bunun üçün Azərbaycan və Bolqarıstan yığmalarını məğlub etməli, həmçinin Çexiya ilə Bolqarıstan arasındakı görüşün heç-heçə nəticələnməsini gözləməli olacaqlarını açıqlayıb: “Cüzi də olsa, hələ şansımız var. Bunun üçün hər iki matçda qalib gəlməli və Çexiyanın büdrəməsini gözləməliyik. Əvvəlcə evdə Azərbaycana, ardından isə səfərdə Bolqarıstana qalib gəlmək üçün vuruşacağıq. Azərbaycanla evdəki matçda baxımlı və cəlbedici hücum futbolu sərgiləmək, azarkeşlərə zövq verən oyun nümayiş etdirmək üçün də əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, bu gün Kilmarnokda keçiriləcək Şotlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
