FIFA prezidenti Canni İnfantino milli assosiasiyalar üçün maliyyənin artırılmasını dəstəkləyib və hər federasiyaya ən azı 10 milyon ABŞ dolları ayrılması təklifinə yaşıl işıq yandırıb.
Prosport.Az "The Athletic"ə istinadən xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin və CONCACAF prezidenti Viktor Montalyani FIFA rəhbərliyinə milli federasiyalara əlavə maliyyə ayrılması ilə bağlı müraciət ediblər.
İnfantino təşəbbüsün araşdırılmasına razılıq verib. Məsələ FIFA Şurasının oktyabrın 15-də keçiriləcək iclasında müzakirə olunacaq.
Təkliflərdən birinə əsasən, 2027 – 2030-cu illəri əhatə edən maliyyə dövründə hər bir milli federasiyaya ən azı 10 milyon dollar ayrılması nəzərdə tutulur. Bu vəsait FIFA-nın ehtiyatlarının bir hissəsinin istifadəyə verilməsi hesabına maliyyələşdirilə bilər.
Beləliklə, təklif təsdiqlənəcəyi təqdirdə, AFFA-nın da bu maliyyədən yararlanması mümkün olacaq.
